3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində iştirakçılar Şuşanın tarixi və mədəni irsi ilə yaxından tanış olublar
3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları şəhərin tarixi-mədəni məkanlarını ziyarət ediblər. Ekskursiya çərçivəsində onlar Azərbaycanın görkəmli şəxsiyyətləri – Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi mərkəzi meydana baş çəkiblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara bu heykəllərin tarixi, onların şəhərin simvolik yaddaşındakı yeri və ümumilikdə Şuşanın mədəni irsi haqqında ətraflı məlumat veriblər.
Daha sonra qonaqlar Xurşidbanu Natəvanın yaşadığı evlə, Xan qızı bulağı, Bülbülün ev-muzeyini və Yuxarı Gövhərağa məscidini ziyarət ediblər.
Ekskursiya zamanı Forum iştirakçıları Cıdır düzünə qalxaraq buradan açılan füsunkar mənzərəni seyr edib, şəhərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesi ilə tanış olublar.
Qeyd edək ki, sözügedən ekskursiyalar Şuşanın zəngin tarixi və mədəni irsini, eləcə də şəhərin yenidənqurma işlərini nümayiş etdirmək məqsədilə təşkil edilib.