- Panel müzakirə 1
- Panel müzakirə 2
- Panel müzakirə 3
- Təkbətək müzakirə 1
- Təkbətək müzakirə 2
- Təkbətək mükazirə 3
Media obyektivində sülh quruculuğu və ictimai diskurs
Qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı beynəlxalq münasibətlərin xarakterini dəyişdirməklə yanaşı, siyasi qərarların qəbulunda yeni perspektivlər yaratmışdır. Nəticədə ənənəvi diplomatik əlaqələr media vasitəsilə ictimai diplomatiya, strateji kommunikasiya və ölkələrarası informasiya mübadiləsini əhatə edən çoxşaxəli xarakter qazanmışdır. Müasir dövrdə sülh quruculuğu prosesində ictimai rəyin formalaşdırılması vacib komponentdir və bu baxımdan media ictimai diskursun istiqamətini müəyyən edən təsirli platforma kimi mühüm rol oynayır. Media obyektivində sülh quruculuğu ictimai diskursun konstruktiv və humanist prinsiplər üzərində qurulmasını tələb edir. Beləliklə, media yeni missiya qazanaraq ictimai diskursu yönləndirən və sülh quruculuğuna töhfə verən strateji bir vasitəyə çevrilir.



Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti
Münaqişə və böhranlardan sonra şəhərlərin bərpası yalnız infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır, şəhərsalma siyasəti və memarlıq irsinin cəmiyyətə təqdimatı sosial və mədəni yenidənqurmada həlledici rol oynayır. Bu kontekstdə media şəhərsalma narrativlərini obyektiv və məsuliyyətli şəkildə çatdırmaqla, ictimaiyyətin bərpa prosesinə etimadla qoşulmasını təmin edən strateji vasitəyə çevrilir. Dağıntıdan dirçəlişə keçid yalnız texniki və iqtisadi aspektləri əhatə etmir; o, həm də sosial, mədəni və psixoloji bərpanın mərhələlərini əhatə edən kompleks prosesdir. Şəhərsalma gündəliyində medianın peşəkar və etik mövqeyi balanslı və inklüziv narrativlərin formalaşdırılmasına töhfə verir, cəmiyyətin bərpa prosesinə fəal qoşulmasını gücləndirir və şəhərlərin dirçəlişinin ictimai etimad üzərində qurulmasına imkan yaradır.



Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu
Şəffaf, məsuliyyətli və etik media fəaliyyəti beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasına, qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və davamlı dialoqun qurulmasına mühüm töhfə verir. Bu kontekstdə etimadın bərpası prosesində iki əsas və bir-birini tamamlayan istiqamət ön plana çıxır: media diplomatiyası və media savadlılığı. Media diplomatiyası qarşılıqlı anlaşmanı və beynəlxalq dialoqu gücləndirən kommunikativ alət kimi çıxış etdiyi halda, media savadlılığı cəmiyyətin bu dialoqu düzgün təhlil etməsini və informasiya mühitində dayanıqlılığını təmin edən fundamental mexanizm rolunu oynayır. İnstitusional əməkdaşlıq, normativ çərçivələrin möhkəmləndirilməsi və davamlı maarifləndirmə siyasətləri fonunda bu iki mexanizmin koordinasiyalı inkişafı etimadın bərpası və onun uzunmüddətli qorunması üçün əsas şərt kimi qiymətləndirilə bilər.



Dezinformasiyanın sülhə təsiri: Mediada koordinasiyalı reaksiyalar
Müasir media ekosistemində informasiya növlərinin müxtəlifləşməsi və mənbələrin çoxalması dezinformasiyanın sürətlə yayılmasına, habelə inkişaf və qlobal stabillik üçün ciddi təhdidlərin meydana gəlməsinə şərait yaradır. Dezinformasiyanın müxtəlif ictimai proseslərə mənfi təsiri son illərdə daha qabarıq nəzərə çarpır: etimadın sarsılması, qarşıdurmaların dərinləşməsi və manipulyasiya hallarının artması bunlardan yalnız bəziləridir. Xüsusilə münaqişə və post-münaqişə dövrlərində məlumat həssaslığının yüksək olduğu vaxtlarda yanlış və təhrif olunmuş məlumatlar ictimai qavrayışa, etimada və sülh təşəbbüslərinə ciddi ziyan verir. Bu baxımdan, fakt-yoxlama mexanizmlərinin gücləndirilməsi, etibarlı mənbələrə istinadın prioritetləşdirilməsi, şübhəli məlumatların yayımının qarşısının alınması və institusional əməkdaşlıq əsasında koordinasiyalı reaksiyaların verilməsi mediada sülhü təşviq edən məsuliyyətli və peşəkar mühitin formalaşmasına əhəmiyyətli töhfə verə bilər.


Süni intellekt dövründə sosial media və etik çərçivələr
Süni intellekt texnologiyalarının sürətli və intensiv inkişafı fonunda sosial media istifadəçilərinin məzmun yaratmaq və paylaşmaq imkanları genişlənsə də, belə platformaların süni intellekt sahəsində yeni çağırışlara nə qədər hazır olmaları fundamental suallardan biri olaraq qalır. Geniş kütləni əhatə edən və insanların əsas ünsiyyət və informasiya mübadiləsi platforması kimi fəaliyyət göstərən sosial şəbəkələrdə süni intellektin müxtəlif istiqamətlərdə tətbiqi bir sıra etik problemləri aktuallaşdırmışdır. Məlumat həcminin sürətlə artması, aldadıcı və çaşdırıcı məzmunların yayılması, alqoritm və parametrlərin mürəkkəbliyi rəqəmsal mühitin təhlükəsizliyini təmin etmək üçün şəffaflıq, məxfilik və hesabatlılıq prinsipləri əsasında etik çərçivələrin yaradılmasının yalnız hüquqi deyil, həm də ictimai zərurət olduğunu bir daha sübut edir.


Sərhədlərarası media dialoqu və rəqəmsal mühitdə həmrəylik
Rəqəmsal informasiya mühitinin sərhədsiz xarakteri medianı qlobal, çoxtərəfli və mürəkkəb dialoq və danışıqların aparılmasında aparıcı kommunikasiya alətinə çevirmişdir. Bu kontekstdə sərhədlərarası media dialoqu müxtəlif cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, stereotiplərin aradan qaldırılması və ortaq dəyərlər əsasında həmrəyliyin təşviqi, habelə sülh və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sosial media platformaları, onlayn xəbər portalları və qlobal kommunikasiya şəbəkələri müxtəlif ölkələrin ictimaiyyətlərini birbaşa və fasiləsiz şəkildə əlaqələndirərək bu dialoqun institusional səviyyədə formalaşmasına şərait yaradır. Rəqəmsal platformalar vasitəsilə yayılan informasiya axınlarının intensivləşdiyi bir şəraitdə sərhədlərarası media dialoqunun gücləndirilməsi, rəqəmsal mühitdə həmrəyliyin təşviqi və etimada əsaslanan dayanıqlı kommunikasiya mexanizmlərinin formalaşdırılması üçün praktik və normativ yanaşmaların müzakirəsi labüd hesab olunur.

