3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda təkbətək görüş keçirilib
Şuşada keçirilən 3-cü Qlobal Media Forum çərçivəsində “Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda təkbətək görüş baş tutub.
“AnewZ” telekanalının aparıcısı Katie Wilsonun moderatorluğu ilə keçirilən görüşdə süni intellektin informasiya istehsalına təsiri, media məzmununun avtomatlaşdırılması və bu şəraitdə ictimai maraqların qorunması kimi aktual mövzulara toxunulub. Katie Wilson qeyd edib ki, əsasən mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində süni intellekt böyük əhəmiyyətə malikdir.
Müzakirənin spikeri qismində çıxış edən “Euronews”un baş icraçı direktoru Claus Struntz yeni texnologiyaların jurnalistikanın gələcəyinə təsiri, dezinformasiyanın yayılması riski və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüb. O, süni intellektin təqdim etdiyi imkanlarla yanaşı, onun doğura biləcəyi etik və hüquqi məsələlərin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.
Paneldə həmçinin jurnalistika peşəsinin gələcək inkişafı, ictimai etimadın qorunması və media savadlılığının artırılması baxımından beynəlxalq təcrübələr və əməkdaşlıq imkanları müzakirə olunub.