3-cü Şuşa Qlobal Media Forumunda “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” mövzusu müzakirə edilib
Şuşa şəhərində keçirilən 3-cü Qlobal Media Forumu çərçivəsində “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” mövzusuna həsr olunan panel müzakirə keçirilib.
Panel müzakirədə moderatorluğu beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudor edib, “TRT World” kanalının aparıcısı və müxbiri Jaffar Hasnain, Afrika İttifaqı İnkişaf Agentliyinin Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Ziphora Maubane, Çin Media Qrupunun Avrasiya Bürosunun Baş redaktorunun birinci müavini Wang Delu və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının fakültə üzvü Şəfəq Mehrəliyeva isə spiker qismində fikirlərini bölüşüblər.
İştirakçılar müasir informasiya məkanında media savadlılığının artırılmasının informasiya təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu ətraflı şəkildə müzakirə ediblər. Tədbir zamanı rəqəmsal mühitdə yalan və manipulyativ məlumatların yayılmasının qarşısının alınmasında rəqəmsal savadlılığın təsir imkanları, fərdi və kütləvi informasiya istehlakçılarının dezinformasiya xarakterli materiallara qarşı dayanıqlığının gücləndirilməsi məsələləri geniş təhlil olunub. Həmçinin, süni intellekt və sosial media platformalarının informasiya axınına təsiri, maarifləndirici kampaniyaların və təhsil təşəbbüslərinin rolu, media qurumları ilə dövlət strukturları arasında əməkdaşlığın zəruriliyi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi kimi bir sıra aktual məsələlərlə bağlı diskussiya aparılıb.
Diqqətə çatdırılıb ki, müxtəlif platformalarda yayılan kütləvi informasiyanın geniş auditoriyada yaratdığı təsir və formalaşdırdığı ictimai rəy bu gün informasiya təhlükəsizliyinin təmin edilməsini hər bir dövlətin, media subyektinin və digər əlaqəli tərəflərin əsas prioritetinə çevirib. Bu təsir yalnız fərdi düşüncə tərzini və sosial münasibətləri deyil, həm də siyasi, iqtisadi və mədəni dinamikanı əhəmiyyətli şəkildə formalaşdırır.