Müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayılması inkişaf və qlobal stabillik üçün ən əsas təhdidlərdən biri hesab edilə bilər. Texnologiyanın hər bir sahə üçün yaratdığı bir çox imkanlarla yanaşı məlumat həcmi və kanallarının artması həm düzgün məlumatlandırma sistemlərinin formalaşdırılması, həm də istehlakçıların etibarlı məlumatı müəyyən etməsi ilə bağlı yeni yanaşma, alət və mexanizmləri gündəmə gətirir.
Şuşa Qlobal Media Forumu çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili və onunla mübarizədə ən effektiv həll yollarının müəyyənləşdirilməsi ilə bağlı müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri üçün müzakirə və birgə hərəkət platforması rolunu oynayacaqdır.
Qlobal kontekstdə media mühitində müşahidə edilən tendensiyaların hərtərəfli təhlili, rəqəmsal əsrdə dezinformasiyanın yaratdığı problemləri həll etmək üçün innovativ metodların tətbiqi və proaktiv strategiyaların araşdırılması, eyni zamanda bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi Şuşa Qlobal Media Forumun hədəflərindəndir.
Forum dünyanın müxtəlif ölkələrindən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin müasir dövrün qlobal problemləri üzrə alim və ekspertlər, dünyaca məşhur media simaları tərəfindən bu sahədə bir çox aktual mövzuların müzakirəsi üçün platforma rolunu oynayacaqdır.