Forum məkanı

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi və mədəniyyət mərkəzinə çevrilmiş, “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılmışdır.

Ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin inkişafını sürətləndirən bir çox qərarlar qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Şuşanın təbiətinə nəzər salsaq qeyd edə bilərik ki, onun ərazisi zəngin flora və faunaya malikdir. Valehedici təbiəti olan Şuşanın ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Burada yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Şəhərin yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi Cıdır düzü şəhərin yeganə və böyük hamar ərazisidir. Daşaltı kəndində karst mağaraları, “Şahnəzər” mağarası və şəhərin yaxınlığında yerləşən Daşaltı kanyonu Şuşanın geoloji təbiət hadisələrindəndir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş, son illərdə Şuşa şəhəri bir çox beynəlxalq tədbir və festivallara ev sahibliyi etmişdir.

 

Şuşanı kəşf et