Forumun iştirakçıları Laçın şəhərinin gəzməli-görməli yerlərində və “HoçazFilm” yaradıcılıq studiyasında olublar  

3-cü Şuşa Qlobal Media Forumun qonaqları yenidən qurulan, abadlaşan Laçın şəhərinin gəzməli-görməli yerləri, qədim tarixi abidələri və “Hoçazfilm” yaradıcılıq studiyasını ziyarət ediblər.

Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərimizin tarixi, coğrafi, mədəni irsi, Laçın şəhərində aparılan bərpa-quruculuq işləri ilə bağlı geniş məlumat verilib. Sonra qonaqlar Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” yaradıcılıq studiyasını ziyarət edərək pavilyonda quraşdırılmış təyyarə, helikopter, elmi laboratoriya və üçtərəfli yaşıl ekran dekorasiyalarına baxış keçiriblər. 

Bildirilib ki, Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarət “Hoçazfilm” studiyasının adı sözügedən rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Həmçinin diqqətə çatdırılıb ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. 

Forum iştirakçılarının səfəri Seyrangahda və Həkəri çayının sahilində salınan “Laçın bulvarı”da davam edib, burada onlara Laçın şəhərinin tarixi barədə məlumat verilib.

1 / 13