Laçında “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilib

Laçında Şuşa Qlobal Forumu çərçivəsində “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bir əsrdən çoxdur ki, agentliyin fasiləsiz şəkildə fəaliyyət göstərdiyini qeyd edib. "AZƏRTAC 1920-ci ildə Şərqdə o dövrdə yaradılan ilk demokratik dövlət tərəfindən təsis olunub. Həmin dövrdə AZƏRTAC müstəqil ölkənin xəbər mənbəyi kimi cəmi iki ay fəaliyyət göstərib. Lakin xəbər axını sonrakı sovet dövründə də davam edib, ölkəmiz haqqında yüz minlərlə foto və məlumatı özündə əks etdirən dəyərli bir resursa çevrilib. Agentliyin yüzillik tarixinə nəzər saldıqda bu irsin nə qədər qiymətli olduğunu aydın şəkildə görürük", - deyə İdarə Heyətinin sədri əlavə edib.

Dəyirmi masada çıxış edən müxtəlif ölkələrdən olan media nümayəndələri AZƏRTAC-ın milli informasiya məkanında tutduğu mühüm rolu və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsindəki töhfələrini yüksək qiymətləndiriblər. Onlar agentliyin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzlu informasiya tərəfdaşı olduğunu bildiriblər.

Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə fotoşəkli çəkdirilib.

Qeyd edək ki, dəyirmi masada müxtəlif ölkələrin 40-dan çox media nümayəndəsi iştirak edib.

1 / 6