“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumu başa çatıb

İyulun 19-21-də “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumu başa çatıb.

Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr qatılıb.

Builki Forumda dezinformasiyanın əhatə dairəsi, media savadlılığının əhəmiyyəti, süni intellektin yaratdığı imkanlar və risklər, sosial medianın ictimai etimada təsiri kimi dövrümüzün ən aktual və çağırışlarla dolu məsələlərinə toxunulub. Forumun əsas məqsədi isə müasir texnologiyalar, eləcə də süni intellektin yaratdığı imkanlar vasitəsilə sürətli rəqəmsallaşan mediada yeni yanaşmaların, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə qabaqcıl təcrübələrin müzakirəsi, eləcə də müxtəlif platformalarda müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili idi.

Eyni zamanda qeyd edək ki,  Forum müasir medianın əsas anlayışları və qlobal təhlükəsizlik üçün xüsusi əhəmiyyət daşıyan bir çox məsələlər ətrafında müzakirələrin aparılması, konstruktiv dialoqların və təcrübə mübadiləsinin təşviqi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların medianın inkişafı üzrə təmsilçiləri, o cümlədən dünyaca məşhur media simaları üçün platforma rolunu oynayır.

3-cü Şuşa Qlobal Media Forumu 21 iyul tarixində öz işinə yekun vurub.

1 / 4