Şuşa Qlobal Media Forum çərçivəsində yerli və xarici fotoqrafların sərgisi təşkil olunub
21-23 iyul tarixlərində keçirilən Şuşa Qlobal Media Forum çərçivəsində qonaqlar “Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı fotosərgi ilə tanış olublar. Sərgidə 1920-ci ilədək nəşr edilən və ölkənin ictimai-siyasi həyatında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbu nəşrlər haqqında məlumatlar, həmçinin müasir dövrdə ölkə ictimaiyyətinin maarifləndirilməsində xüsusi əhəmiyyətə sahib olan çap mətbuatı nümunələri nümayiş olunub.
Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Şuşa Qlobal Media Forumun iştirakçılarının zəngin inkişaf yolu keçmiş tarixi və müasir mətbu nəşrlər, onların yaranma tarixi və əsasını qoyan şəxslər, o cümlədən ideoloji istiqamətləri haqqında, həmçinin bu mətbu nəşrlərin ictimai-siyasi və mədəni həyata, milli-mənəvi oyanışa təsiri, xalqın maariflənməsi və dövrün yeniliklərinin oxuculara çatdırılması istiqamətindəki fəaliyyəti barədə məlumatlandırılmasıdır.
Forum çərçivəsində təşkil olunan rusiyalı məşhur fotoqraf Sergey Kivrinin və yerli fotoqrafların sərgisi də qonaqların marağına səbəb olub. Sərgilərdə Vətən Müharibəsindən və işğaldan azad olunmuş ərazilərdən görüntülər, milli atributlar nümayiş etdirilib.