Şuşa Qlobal Media Forumunda mediada investisiya və istehlak tendensiyaları məsələləri müzakirə edilib
Şuşa Qlobal Media Forumu çərçivəsində “Mediada investisiya və istehlak tendensiyaları” sessiyasında “Müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması” mövzusunda interaktiv panel müzakirə keçirilib.
Xəbər aparıcısı, müxbir Jaffar Hasnainin moderatorluğu ilə baş tutan panel müzakirədə “Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgens, Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini Mikhail Gusman, jurnalist, media meneceri, məruzəçi Bora Bayraktar və Serbiya Parlamentinin keçmiş deputatı, Strateji Araşdırmalar Forumunun təsisçi və prezidenti Dr. Neven Cveticanin çıxış ediblər.
Panel müzakirə zamanı yeni media mühitində qeyri-xətti media istehlakı, yüksək interaktivlik, mobil qurğulardan istifadə, həmçinin kütləvi məzmunun yaradılmasında sərbəstlik ilə xarakterizə olunan auditoriya haqqında danışılıb, peşəkar media subyektlərinin digər media növlərinə qarşı rəqabətliliyini qoruyub saxlaması üçün effektiv idarə edilməsinin vacibliyi, həmçinin investisiyaların cəlb edilməsi ilə bağlı yeni çağırışların ortaya çıxdığı müzakirə edilib.