4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Radio sənayesinin inkişafı üçün uğurlu həllər: AI və yeni formatlar” mövzusunda paralel tədbir keçirilib
4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan paralel tədbirlərdən biri də “Radio sənayesinin inkişafı üçün uğurlu həllər: AI və yeni formatlar” mövzusuna həsr olunub.
“ASAN Radio”nun direktoru Emin Musavinin moderatorluğu ilə keçirilən tədbirdə RİAK-ın baş direktoru Esat Çıplak, “Radio Fortuna FM 106.9”-un direktoru və təsisçisi Tamara Chigogidze, “Poytaxt 107.2 FM” radiosunun direktoru ZəfərTursunov, “Yurd 90.7 FM” və “Media 105.5 FM” radiolarının təsisçisi Rüstəm Əliyev tərəfindən radio sənayesinin inkişaf perspektivləri, süni intellekt texnologiyalarının yayım proseslərinə inteqrasiyası, yeni məzmun formatları, rəqəmsal transformasiya şəraitində radionun qarşısında duran çağırışlar ətrafında müzakirələr aparılıb.
Tədbir zamanı qeyd olunub ki, rəqəmsal texnologiyaların sürətli inkişafı radio sənayesində yeni imkanlar yaratmaqla yanaşı, yayımçılardan dəyişən auditoriya tələblərinə uyğunlaşmağı və innovativ həllərin tətbiqini tələb edir. Bildirilib ki, süni intellekt alətləri məzmun istehsalı, auditoriya analizləri və yayım proseslərinin optimallaşdırılması baxımından mühüm imkanlar təqdim edir.
Müzakirələr çərçivəsində, həmçinin radio yayımçılarının rəqəmsal platformalarda mövqeyinin gücləndirilməsi, yeni nəsil auditoriya ilə effektiv kommunikasiya mexanizmlərinin qurulması, innovativ məzmun formatlarının tətbiqi və beynəlxalq təcrübələrin öyrənilməsi məsələlərinə toxunulub.








