4-cü Şuşa Qlobal Media Forumunda “Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti” mövzusunda panel müzakirə keçirilib

4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti” mövzusunda panel müzakirə keçirilib.

“AnewZ” beynəlxalq televiziya kanalının baş redaktorunun müavini Orxan Amaşovun moderatorluğu ilə baş tutan panel müzakirədə Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktorYusuf Özhan qeyd edib ki, münaqişə və böhranlardan sonra şəhərlərin bərpası yalnız infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır, şəhərsalma siyasəti və memarlıq irsinin cəmiyyətə təqdimatı yenidənqurmada həlledici rol oynayır, bu kontekstdə media şəhərsalma narrativlərini obyektiv və məsuliyyətli şəkildə çatdırmaqla, ictimaiyyətin bərpa prosesinə etimadla qoşulmasını təmin edən strateji vasitəyə çevrilir.

“AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktorRüfət Həmzəyev isə bildirib ki, dağıntıdan dirçəlişə keçid yalnız texniki və iqtisadi aspektləri əhatə etmir, o, həm də sosial, mədəni və psixoloji bərpanın mərhələlərini əhatə edən kompleks prosesdir. Şəhərsalma gündəliyində medianın peşəkar və etik mövqeyi balanslı və inklüziv narrativlərin formalaşdırılmasına töhfə verir, cəmiyyətin bərpa prosesinə fəal qoşulmasını gücləndirir və şəhərlərin dirçəlişinin ictimai etimad üzərində qurulmasına imkan yaradır.

Panel müzakirəsi zamanı şəhərlərin bərpasının mediada işıqlandırılması, memarlıq və mədəni irsin qorunmasının ictimai əhəmiyyəti, şəhərsalma narrativlərinin formalaşdırılması və media məsuliyyətinin bu proseslərdə rolu ətrafında fikir mübadiləsi aparılıb.

1 / 8